Şriftin ölçüsü :

Saytın rəngi :

Mənzillərimizi yanğından qoruyaq !

10 noyabr 2020 | 02:10

Mənzillərimizi yanğından qoruyaq !
Artıq qışın mövsümü yaxınlaşır.  Bununla əlaqədar yaşayış evlərinin isidilməsində elektrik və qaz cihazlarından, eləcə də müxtəlif yanacaqla işləyən sobalardan istifadə olunur. Bütün bunlar mənzillərdə yanğın təhlükəsizliyi qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına daha çox məsuliyyət tələb edir. Uşaqların od ilə ehtiyatsızlığı mənzillərdə yanğınlara səbəb olur. Uşaqları mənzildə və yaxud soba olan otaqda tək qoyub qapını bağlamaq olmaz, yanmaqda olan sobaya və qızdırıcı cihazlara nəzarət etməyi onlara tapşırmaq olmaz.
       Qış mövsümündə elektrik verilişində bəzi hallarda fasilələr yarandığından mənzilləri  işıqlandırmaq  məqsədilə  şamdan  və neft lampasından istifadə edirlər, bu zaman adi ehtiyyat tədbirləri tamamilə unudulur. Bəzən vətəndaşlar tərəfindən mənzillərdə şamdan istifadə edərkən şam yanmayan altlıqlar üzərində deyil, papiros və ya kibrit qutuları üzərində, stolda və ya pəncərə altı taxta üzərində yapışdırılaraq yandırılır, eləcə də onları nəzarətsiz qoyub gedirlər. Bu zaman şam yıxıla bilər, əgər yanmaqda davam edərsə, yanğın onun altındakı yanar konsturuksiyalara keçərək inkişaf edər. Bəzən də şamları istilik nəticəsində parçalana bilən altlıqlar üzərində qoyurlar ki, nəticədə şam yanıb qurtararkən öz altlığını sındıraraq yanğının baş verməsinə səbəb olur. Odur ki. mənzillərdə şamdan istifadə edərkən, onları sabit metal şamdana taxmaq lazımdır. Təhlillər göstərir ki, baş vermiş yanğınların bir hissəsi elektrik avadanlıqlarının quraşdırılması və istismarı qaydalarına düzgün riayət edilməməsi nəticəsində baş vermişdir.
     Bir çox yaşayış evlərində təbii və maye qazla işləyən müxtəlif cihazlardan istifadə olunur. Məişətdə işləyən qaz cihazlarından törənən yanğınların əsas səbəbi boru kəmərindən, birləşmə qovşaqlarında kipliyin pozulması və qaz sobalarının  odluqlarından  qazın  sızmasıdır. Mayeləşdirilmiş qaz təbii qazdan daha çox yanğın təhlükəli xassələrə malikdir. Qaz balonları qızdırıcı cihazlardan ən azı bir metr kənarda yerləşdirilməlidir. Belə balonları qızdırmaq, zirzəmidə  saxlamaq qəti qadağandır. Mənzillərinizdə qaz sızmasını hiss etdikdə ümumi qaz kranını bağlamaq, mənzilin havasını təmizləmək üçün qapı-pəncərələri açaraq hava cəryanı yaratmaq lazımdır. Bu zaman mənzillərdə elektrik işlədicilərini dövrəyə qoşmaq və ya dövrədən ayırmaq olmaz. Maye qaz balonlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması  nəticəsində bir çox yanğın və partlayış hadisələri ilə rastlaşırıq. Qış mövsümündə bir çox yaşayış evlərində bərk yanacaqla işləyən sobalardan istifadə olunur. Sobalar qurularkən, həmçinin istismar edilərkən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır. Yanğın Təhlükəsizliyi standartlarının tələblərinə və texniki şərtlərə cavab verməyən sobalardan istifadə olunmasına icazə verilmir. Sobalar yanmayan və istilik keçirməyən altlıqlar üzərində  qurulmalı, onun qalama qapısı önündə döşəməyə 70x50 sm ölçüdən kiçik olmayan  metal təbəqə ilə mismarlanmalıdır. Qalanmış sobanı nəzarətsiz və ya az yaşlı uşaqların nəzarəti altında qoymaq qadağandır. Sobanın ətrafinda odun qurutmaq, sobaya həddən artıq odun atmaq, sobaları tez alışan mayelərlə qalamaq qəti qadağandır.
      Yanğın hadisələrindən həyatınızı və əmlakınızı qorumaq üçün, mənzillərinizdə nəzərdə tutulmuş yanğın təhlükəsizlik qaydalarına düzgün əməl edilməsindən çox aşlıdır. Qeyd olunan yanğın təhlükəsizlik qaydalarının gözlənilməsi həyatınızı və əmlakınızı yanğından qorumağa tam əsas verir. Hər bir vətəndaş Yanğın Təhlükəsizlik Qaydalarına düzgün əməl olunmasına görə məsuliyyət daşıyır.
Yanğın hadisəsi ilə baş verərsə təcili olaraq 101 yanğın söndürmə xidmətini yığmalısınız

Keçidlər