Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar

09 noyabr 2020 | 06:58

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar.

Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım  Əliyeva  Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər.

Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini də yad etdilər.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüldü.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gəldilər. Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarları önünə gül dəstələri düzdülər.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti

-Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!

Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır.

Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.

Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi. Biz bu illər ərzində bir çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır. Biz bütün qonşu ölkələrlə səmimi dostluq əsasında münasibətlər qura bildik, qarşılıqlı hörmət, qarşılıqlı inam əsasında. Əgər biz bunu etməsəydik, bu gün münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi.

Şuşa işğal altına düşəndə bizim əsas problemlərimiz həm o idi ki, ordumuz yox idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Ancaq bu gün biz Ermənistanı təcrid edilmiş vəziyyətə saldıq. Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi.

Nəhayət və ilk növbədə, ordu quruculuğu. Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz. Ordu quruculuğu, hərbçilərin maddi-məişət problemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Biz demək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi bazalarımızı yenidən qurduq və onlar ən yüksək standartlara cavab verir. Əlbəttə, ilk növbədə, döyüş qabiliyyəti. Döyüş qabiliyyəti artdı. Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlar bütün dünyaya bizim gücümüzü göstərdi.

Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!

Bax, belə ordu yaratmışıq biz! Deyirdik işğalçılara, deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də tənqid olunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizim torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin - düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik.

Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın edilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış. Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri.

Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünya ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs, hanı sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalan idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində milyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub, mühəndislik qurğuları inşa edilib. Amma hamısını vurub dağıtmışıq - mənəvi ruh, güc hesabına, birlik hesabına!

Bir daha demək istəyirəm ki, bizim zəfər yürüşümüz davam edir. İşğal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Bu, bizim tələbimizdir. Beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qərar, qətnamələri bunu tələb edir.

Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

 

Keçidlər