Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Xalq bilməlidir nələr baş verir”

22 sentyabr 2020 | 16:00

“Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman Azərbaycan xalqına həqiqəti demişəm. Hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mənim çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və bu, hesab edirəm ki, çox vacibdir. Çünki vətəndaşlar bilməlidirlər və düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər.Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik. Ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onların bu addımlarının nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmir. Halbuki, Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var və o siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, bugünkü Ermənistan rəhbərliyi Ermənistanı uçuruma aparır. Siz bilirsiniz ki, iki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Yəni, biz vəziyyətdən istifadə edib nəyisə əldə etmək fikrində olmadıq. Biz hesab edirdik ki, bu, labüd idi. Çünki bundan əvvəlki Ermənistan hakimiyyəti xalqda, erməni xalqında ancaq nifrət hisləri doğururdu və faktiki olaraq bu hərbi-kriminal rejim Ermənistanı tamamilə bərbad vəziyyətə salmışdı. Xüsusilə nəzərə alsaq ki, yeni hakimiyyət gələndən sonra çox ümidverici bəyanatlar verməyə başlamışdı ki, bu məsələni həll etmək istəyirlər. Əvvəlki hakimiyyəti tənqid edirdi, bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi. Biz də ümidlərlə yaşayırdıq ki, bəli, yeni hakimiyyət bütün başqa sahələrdə də, bu sahədə də yenilik gətirəcək və o, əvvəlki yanlış siyasətə düzəliş edəcək. Xüsusilə mənim Ermənistanın baş naziri ilə Düşənbədəki məlum görüşlərimdən sonra bu fikir daha da möhkəmləndi. O vaxt məndən xahiş olundu ki, onlara vaxt verilsin, Ermənistanda daxili vəziyyət ağırdır, çətindir, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər və bu da danışıqlar prosesinə çox mənfi təsir göstərəcək, onlar danışıqlara meyillidir, məsələni həll etmək istəyirlər. Xahiş edilirdi ki, atəşkəs rejimi möhkəmlənsin. Mənim isə sözüm o idi ki, biz ciddi danışıqlar aparmalıyıq və o təqdirdə, əlbəttə ki, atəşkəs rejimi daha da möhkəm olacaqdır. O görüşdən sonra hər iki tərəf razılıq əsasında ayrı-ayrı açıqlamalar verdi və açıqlamanın əsas mahiyyəti ondan ibarət idi ki, biz görüşdük, yəni, qeyri-formal, qeyri-rəsmi görüş keçirdik, razılaşdıq ki, danışıqlar prosesi sürətləndirilsin və atəşkəs rejimi möhkəmləndirilsin. Çünki bu iki mövqe daim vəhdət təşkil etməlidir. Əks təqdirdə, bu, status-kvonun möhkəmləndirilməsi demək olacaqdı, buna isə biz heç vaxt razı ola bilmərik. Müəyyən müddət ərzində Minsk qrupunun həmsədrləri də ümidlərlə yaşayırdılar və gəlib-gedəndə, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr irəli sürürdülər. Keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. O, “Qarabağ Ermənistandır” deməklə nəinki yalanı bütün dünyaya yaydı və bu da davam edir, eyni zamanda, danışıqlar prosesini mənasız edir. Əgər o hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar? Əgər o, belə hesab edir ki, Qarabağ Ermənistandır, - halbuki, bütün dünya bu cəfəng fikri rədd edib, - onda hansı sülh müqaviləsindən söhbət gedə bilər. Yəni, bu, siyasi təxribat idi.İkinci siyasi təxribat o idi ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu da formatı dəyişdirmək deməkdir və buna əlbəttə ki, biz heç vaxt razı ola bilmərik. Çünki bu oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslarımız ola bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədrləri də buna əlbəttə ki, heç vaxt razı ola bilməzdilər.Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb, biz yox, Ermənistan. Belə olan halda, biz duraq deyək ki, gəlin danışıqlara başlayaq, yaxud da ki, davam edək, sadəcə, məsuliyyətsizlik olar və özümüz özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən qüsurlu və ziyanlı bu bəyanatlar danışıqlar üçün yer qoymur.Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Bunların ağlı çatmır, təcrübəsi, bilikləri yoxdur - bunu elə nümayişkaranə göstərirlər. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır. Bizi təxribata çəkirlər, onu göstərirlər internetdə - hansısa Livan erməni ailəsi gəlibdir, orada hansısa iş görür. Ondan sonra bizim qədim tarixi şəhərimiz Şuşa şəhərində o qondarma rejimin qondarma, dırnaqarası rəhbərinin guya andiçmə mərasimini keçirirlər. Bu, növbəti təxribatdır. Bu, bizə qarşı açıq təhqirdir. Onlar hesab edirlər ki, biz buna dözəcəyik? Bunu, bu təxribatı kim edir? Onlar edir. Biz heç bir təxribat etmirik. Biz öz mövqeyimizdə dayanmışıq”.

Keçidlər