Goranboy rayonunun Yuxarı Ballıqaya kəndində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 28 il keçir.
1992-ci ilin 28 avqust tarixində Yuxarı Ballıqayada törədilmiş qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyidləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib. Yuxarı Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir. Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində sülh və barışığa nail olunması üçün Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü zamanı törədilmiş bütün müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən etnik təmizləmə və soyqırımı aktlarına görə cəzasızlığa son qoyulması, bu cinayətlərin qurbanlarına münasibətdə ədalətin bərpa edilməsi müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası bu istiqamətdə milli qanunvericilik və beynəlxalq hüquqla müəyyən edilmiş bütün imkan və milli mexanizmlərdən istifadə etməklə, özünün mülki əhalisinə qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərə adekvat hüquqi qiymətin verilməsi və günahkarların ədalət məhkəməsinə təslim edilməsi məqsədilə bütün zəruri addımları atmağa davam edəcəkdir.