Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi Azərbaycana böyük etimadın göstəricisidir.

29 iyun 2020 | 16:00

Bu gün dünya qlobal təhlükə olan COVID-19 pandemiyası ilə mübarizə aparır. Virusa qarşı mübarizə artıq dünyanın birləşərək qüvvələri səfərbər etməsini tələb edir. Hər gün müxtəlif ölkələrdən virusa yoluxanların, vəfat edənlərin sayı haqqında açıqlanan dəhşətli statistikanın şahidi oluruq. Hazırda hər bir dövlət pandemiya ilə mübarizə aparır və əhalini yaranmış ağır vəziyyətdən minimum itkilərlə çıxarmaq üçün mümkün variantlardan istifadə etməyə çalışır. Bəşəriyyətin bu vəziyyətdən çıxmasının ən əsas şərtlərindən biri isə birlik və həmrəylikdir. Hətta  BMT müstəvisində qaldırılan məsələlərdən biri odur ki, belə bir şəraitdə müharibələr dayandırılsın. Bu artıq bəşər insanın II Dünya müharibəsindən sonra ikinci dəfə belə ağır vəziyyətə düşdüyünün göstəricisidir. Təbii ki belə çətin vəziyyətdə pandemiya ilə  mübarizədə ümumi düşmənə qarşı bir dövlətin yox, bütün ölkələrin, çevik tədbirlər alması zəruri hal alır. Qlobal humanitar fəlakətdən və iqtisadi böhrandan qaçmağın yeganə yolu isə ölkələrin vaxt itirmədən pandemiyaya qarşı birgə və effektli addımlar atması, “Yol xəritəsi” tapmasıdır. Çünki məhz qlobal əməkdaşlıq və birgə səyləri birləşdirməklə bu virusa qarşı qalib gəlmək mümkün olacaqdır. Bu mənada  Azərbaycanın  öncüllüyü diqqəti çəkir. İlk addım olaraq Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans  formatında keçirilən Zirvə görüşü COVİD-19 pandemiyası ilə mübarizədə beynəlxalq və regional əməkdaşlığa ilk və ciddi çağırış oldu. Zirvə görüşünə qatılan dövlət başçıları Azərbaycan Prezidentinin bu təşəbbüsünü və liderliyini yüksək qiymətləndirdilər. COVİD–19 pandemiyasına qarşı mübarizədə ölkəmiz əldə etdiyi təcrübəni dünya birliyi ilə paylaşmağa hazır olduğunu bəyan  etməklə humanizm, həmrəylik, birgəyaşayış, birlik və bərabərlik mesajlarını verdi. Bunun davamı olaraq mayın 4-də Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas qrupunun videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi. Qırxdan çox üzv ölkənin dövlət və hökumət rəhbərləri, eləcə də nüfuzlu şəxslərin qatıldığı videokonfransda əsas mövzu pandemiyaya qarşı birgə mübarizə aparmaq və beynəlxalq səyləri gücləndirməkdən ibarət idi. Məhz belə bir mötəbər tədbirin Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə keçirilməsi ölkəmizin dünyada artan rolundan xəbər verir. Prezident İlham Əliyev COVİD – 19 qlobal pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini, heç bir ölkənin bundan sığortalanmadığını, ancaq qarşılıqlı dəstək, özünəqapanmama və yalnız birgə səyləri birləşdirərək, dünya birliyinin birgə mübarizəsi sayəsində COVİD-19-a qalib gəlməyin mümkünlüyünü diqqətə çatdırdı. Bu fakt xüsusi olaraq vurğulanmalıdır ki, hazırda insanpərvərliyə, humanizmə, xeyirxahlığa, qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə və vaxtda Prezident İlham Əliyev Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və   dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələrini bir araya gətirməyə nail oldu. Eyni zamanda Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir. Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfransı bir daha sübut etdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir. Həmçinin zirvə görüşündə bu qədər ölkənin iştirakı, BMT-nin baş katibinin belə bir görüşə görə ölkə başçısına təşəkkürü Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsi, qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmuş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir. Azərbaycan bir daha təsdiq etdi ki, quruma sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir. Bu gün 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın və hörmətin növbəti göstəricisidir.  Xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. Təklif Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar. Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsinin 130 qədər dövlət tərəfindən dəstəklənməsi  dünyanın əksər ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə Azərbaycanın humanist siyasət yürütdüyünün və dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani göstəricisidir.
Milli Məclisin deputatı Anar Məmmədov.

 

Keçidlər