Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy gündən-günə inkişaf edir

14 iyun 2020 | 16:00

Goranboy rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və rayon sakinləri bu sahədə hər il yüksək göstəricilərə nail olurlar. Qazanılan uğurların bir neçə səbəbi var ki, onların da ən başlıcası dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərdiyi dəstəkdir. Dövlət tərəfindən fermerlərə verilən subsidiyalar, texniki təminat, yanacaq və sürtkü yağlarına, eləcə də gübrə və ziyanvericilərə qarşı dərman preparatlarının güzəştlə əldə olunması insanlarda işə marağı artırmış, onlarda daha çox məhsul istehsal etməyə həvəs oyatmışdır.
Torpaq sahibləri hər il olduğu kimi, yenə də əkin sahələrinə bol məhsul yetişdirmək əzmi ilə çıxmışlar. Onlar çalışırlar ki, bu il keçən ilkindən çox məhsul istehsalına nail olsunlar. Son bir ildə əvvəlki ilə nisbətən məhsul istehsalının həcmini 13,8 faiz artıran fermerlər əmindirlər ki, bu rəqəm getdikcə artacaq.
Hazırda əkin sahələrində qızğın iş gedir. Keçən il 67 min 258 ton taxıl istehsal edən və hər hektardan 31 sentner məhsul götürən təsərrüfat sahibləri bu il həmin rəqəmi artırmaq üçün var qüvvələrini sərf edirlər. "Ağ qızıl” ustaları, tütünçülər, barama istehsalçıları da onlardan geri qalmırlar. Keçən il 3102 hektardan 7,3 min ton pambıq, 8 hektardan 12,7 ton tütün və 8,5 ton barama istehsal edən rayon sakinləri indi daha yüksək məhsul uğrunda mübarizə aparırlar.
Rayonda aqrar sahənin inkişafı üçün dövlət başçısının təşəbbüsü və qayğısı ilə yaradılmış "Region Aqro” MMC-nin xüsusi yeri var. Belə ki, 4,7 min hektar sahədə yaradılmış aqroparkda 2 min hektar sahədə "pivot” və meyvə bağları üçün "damcılama” suvarma sistemləri quraşdırılmış, 11 kilometr avtomobil yolu, "Şəmkir maşın” kanalından 12,1 kilometr su kəməri çəkilmiş, 400 min kubmetrlik 2 su, 18 min tonluq taxıl anbarı, toxum-paketləmə zavodu, inzibati və yardımçı binalar inşa edilmiş, 64 ədəd texnika alınmış, 1,4 min hektar sahədə taxıl, 93 hektar sahədə yonca əkilmiş və 1500 nəfər işlə təmin edilmişdir. Gələcəkdə aqroparkın ərazisinin genişləndirilərək 5200 hektara çatdırılması nəzərdə tutulmuşdur.
Rayonda kənd təsərrüfatının sürətli inkişafında yeni yaradılan bir neçə təsərrüfat da mühüm rol oynayır. Belə ki, Qızılhacılı qəsəbəsində 15 hektar sahədə 4-cü nəsil yeni istixana kompleksi - "Kaskad Aqro”nun fəaliyyətə başlaması da bu sahədə uğurlara təkan vermişdir. Bundan başqa, Muzdurlar kəndində fəaliyyət göstərən 920 başlıq iribuynuzlu südlük və damazlıq heyvandarlıq kompleksinin nəzdində süd məhsullarının emalı müəssisəsinin və damazlıq qoyunçuluq təsərrüfatının yaradılması da uğurla davam etdirilir. Bütün bunlar reallaşdırıldıqdan sonra rayonda əlavə olaraq xeyli yeni daimi iş yerləri açılacaqdır.
Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən biri də sahibkarların fəaliyyətinə geniş imkanların yaradılmasıdır. Bu baxımdan Goranboyda bir sıra zəruri addımlar atılır. Bunun nəticəsidir ki, keçən il rayon icra hakimiyyətinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin və Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə "Sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması” mövzusunda işgüzar forum keçirilmişdir. Respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilən forumda diqqətə çatdırılmışdır ki, Goranboy biznes layihələrinin tətbiqi üçün hər kəsin üzünə açıqdır.
Rayonda sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli mühitin əyani göstəricisidir ki, yerli sahibkar Xaliq Mustafayev tərəfindən 1,8 milyon manat vəsait yatırımı ilə inşa edilmiş və müasir avadanlıqlarla təchiz olunmuş "Med Life Estetik” Tibb mərkəzi fəaliyyətə başlamışdır. Həyata keçirilən bütün bu tədbirlərin nəticəsində son bir ildə rayonda 1059-u daimi olmaqla 2744 iş yeri açılmışdır.
Kənd təsərrüfatında uğurların qazanılmasında suvarma suyunun əhəmiyyəti böyükdür. Təəssüflər olsun ki, rayonda bu sahədə çətinliklər çoxdur. Lakin dövlət başçısının diqqət və qayğısı sayəsində bu sahədə problemlər tədricən həll olunur. Belə ki, artıq "Şəmkir maşın” kanalının 1-ci və 2-ci növbə çəkilişi başa çatdırılmış, 3-cü növbə çəkilişi üçün isə layihələndirmə işləri aparılmışdır. Layihə reallaşdırıldıqdan sonra rayonda 40 min hektardan çox kənd təsərrüfatına yararlı torpaq sahəsinin suvarılması yaxşılaşacaq. Bundan başqa, son bir ildə rayonda 18 yeni subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Hazırda rayonda 72 subartezian quyusunun qazılması davam etdirilir.
Goranboyda iqtisadi inkişafla yanaşı, abadlıq və quruculuq işləri də həyata keçirilir. Son illər istər rayon mərkəzinin, istərsə də kənd və qəsəbələrin siması tamamilə dəyişmişdir. Küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarında aparılan abadlıq və təmir işləri rayonu daha baxımlı etmişdir. Təkcə son bir neçə ayda küçələrə 36 min 240 kvadratmetr asfalt örtüyü salınmışdır.
İnsanların ən çox toplaşaraq istirahət etdikləri Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının ərazisi genişləndirilərək müasir üslubda yenilənmişdir. Parkın ərazisinə 5 min 200 kvadratmetr tamet düzülmüş, 2 min 800 ədəd gül kolu əkilmiş, 16 ədəd gülqabı, 26 ədəd əlavə oturacaq qoyulmuş, 56 ədəd işıq dayaqları quraşdırılmışdır. Burada yaradılan 2 bulaq da sakinlərin ürəyincə olmuşdur.
Düşmənlə təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndində Şəhidlər Abidə Kompleksində aparılan yenidənqurma işləri başa çatdırılmışdır. Qızılhacılı qəsəbəsində isə şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının müraciətləri nəzərə alınaraq, yeni Şəhidlər Abidə Kompleksinin inşasına başlanmışdır. Şəfikürd kənd Mədəniyyət Evində təmir işləri aparılmış, Xoylu kəndində Bələdiyyə parkının salınmasına start verilmişdir.
Rayonun yol infrastrukturunda da çoxsaylı işlər görülmüşdür. Ümumi uzunluğu 40 kilometr olan Goran-Qızılhacılı-Goranboy-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolu yenidən qurularaq istifadəyə verilmişdir. Sarov, Yəhərçi-Qazaxlar, Buzluq, Mənəşli və Todan avtomobil yollarına isə daş-çınqıl örtüyü çəkilmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan”

Keçidlər