Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın bugünkü uğurları Ulu Öndərin siyasətinin məntiqi nəticəsidir.

13 iyun 2020 | 09:28

Anar Məmmədov: Azərbaycanın bugünkü uğurları Ulu Öndərin siyasətinin məntiqi nəticəsidir.
“Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. O, uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurdu. Azərbaycanın dünyaya günəş kimi doğacağını bir hədəf kimi qarşıya qoyan ulu öndər Heydər Əliyev çox qısa zamanda bu məqsədə nail oldu. Ölkədə sabitliyin, əmin-amanlığın yaradılması malik olduğumuz enerji resurslarından səmərəli istifadəyə yol açdı. Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında 1993-cü ildəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə edərək bu reallığı bəyan edir ki, müstəqil müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın əbədi lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk.” Həqiqətən də Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 1993-2003-cü illər ölkəmizin dirçəlişi, tərəqqisi dövrü kimi xarakterizə olunur.”
Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov vurğulayıb ki, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi: “Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ulu Öndər uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurdu. Azərbaycanın dünyaya günəş kimi doğacağını bir hədəf kimi qarşıya qoyan ulu öndər Heydər Əliyev çox qısa zamanda bu məqsədə nail oldu. Ölkədə sabitliyin, əmin-amanlığın yaradılması malik olduğumuz enerji resurslarından səmərəli istifadəyə yol açdı.”
Milli Məslisin deputatı bildirib ki, Azərbaycana azərbaycançılığı qaytarması, azərbaycançılığın ideologiya səviyyəsində formalaşdırılması Heydər Əliyevin ən böyük xidmətlərindəndir: “Ulu Öndərin rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş Konstitusiyamız dünyəviliyimizi, müasirliyimizi, tolerantlığımızı açıq nümayiş etdirir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!” deyən xalqın xilaskarı bir-birinin ardınca çəkinmədən, qorxmadan mətin addımlar atır, Azərbaycanın hərtərəfli dirçəlişinə zəmin yaradırdı. Ulu öndər Heydər Əliyevin ölkəmizə, xalqımıza miras qoyduğu varlıqların ən önəmlilərindən biri də Yeni Azərbaycan Partiyasıdır. 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda ümummilli lider Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirmişdi. Yeni təsis edilmiş partiyanın sədrinin ulu öndər Heydər Əliyevin seçilməsi Azərbaycanın düşdüyü dərin bataqlıqdan çıxarılması istiqamətində atılan ilk tarixi addımlardan biri olmuşdu.”
Anar Məmmədov vurğulayıb ki, Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf kursu bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.”

Keçidlər