Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti erkən nigahın qarşısının alınması ilə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun tədbirləri davam etdirir.

28 iyul 2022 | 17:23

Goranboy rayon İcra Hakimiyyəti erkən nigahın qarşısının alınması ilə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun tədbirləri davam etdirir.

 

Goranboy rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya, adiyyəti dövlət qurumları, o cümlədən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi, rayon Polis şöbəsi, Təhsil, Səhiyyə və müvafiq ictimai təşkilatlarla birgə yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verir, mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilmişdir. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər. Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Bu istiqamətdə görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir. Sənədin layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla hazırlanmışdır. Qaydada gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsi və onların funksiyaları müəyyən edilib.

Rayon İcra Hakimiyyəti Uşaq və Ailələrə Dəstək Mərkəzləri, digər aidiyyəti qurumlar, o cümlədən, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq çərçivəsində yeniyetmə (9-11-ci siniflər) və gənclərin, valideynlərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran, çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan gənclərin dünyagörüşünün genişləndirilməsinə, onların informasiya təminatının yaxşılaşdırılmasına yardım edən tədbirlər həyata keçirir, belə halların qarşısının alınması istiqamətində ailələrlə görüşlər keçirilir, müvafiq tədbirlər görülür. Məlumat üçün bildiririk ki, cari ilin birinci yarımilliyi ərzində erkən nigahla bağlı, rayon ərazisində 5 fakt müəyyən edilmiş və rayon İcra Hakimiyyəti adiyyəti qurumlarla birgə, mövcud qanunvericiliyin tələblərinə və rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın Əsasnaməsinə uyğun olaraq, operativ tədbirlər həyata keçirmiş, belə neqativ halların qarşısı dərhal alınmışdır.

Təəsüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah problemi narahatlıq doğuran bir məsələ kimi hələki mövcuddur. Odur ki, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlər.

Keçidlər