Respublikamızın hər yerində olduğu kimi Goranboy rayonu üçün də ötən il uğurlu olmuşdur. Rayonun makroiqtisadi göstəricilərində müsbət dinamika müşahidə edilmişdir. Ümumdaxili məhsulun həcmi 198,2 milyon manat, sənaye məhsulunun həcmi 11,8 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 90,4 milyon manat təşkil etmişdir. Əhaliyə 58,2 milyon manatlıq ticarət, 3,6 milyon manatlıq nəqliyyat xidməti göstərilmişdir. Əsas kapitala 46 milyon manat investisiya yönəldilmişdir.
Pərakəndə əmtəə dövriyyəsi 16,6 faiz artmış, orta aylıq əmək haqqı 273,3 manata çatmışdır ki, bu da əvvəlki ilə nisbətən 8 faiz çoxdur.
Əhalinin pul gəlirləri 313,4 milyon manat (əvvəlki illə müqayisədə 11,5 faiz çox), adambaşına düşən pul gəliri isə 2766,5 manat və ya əvvəlki illə müqayisədə 100,2 faiz təşkil etmişdir.
Ötən il 70 biznes layihəsinin icrası üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 799 min 200 manat kredit verilmiş, bu hesaba 185, digər sahələrdə 272 daimi, ümumilikdə isə 6009 yeni iş yeri yaradılmışdır. Bütün bu tədbirlərin nəticəsidir ki, ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi ilbə-il artır. 2017-ci ildə bu rəqəm 82,3 faiz təşkil etmişdir.
Rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binasının tikintisi başa çatmaq üzrədir. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 5 ədəd fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.
Rayon Mərkəzi xəstəxanası üçün yeni binanın tikintisinə başlanılmış, bu il istifadəyə veriləcəkdir. Cənab Prezidentin tapşırığı ilə rayonda Olimpiya İdman Kompleksinin tikintisi üçün 3 milyon manat vəsait ayrılmışdır. Növbəti ildə Kompleks istifadəyə veriləcəkdir. Buna görə cənab Prezidentə və Gənclər və İdman naziri cənab azad Rəhimova minnətdarlığımı bildirirəm.
Son illər biz əhalini narahat edən sosial problemlərin həlli ilə bağlı mühüm işlər görmüşük. Heydər Əliyev Mərkəzini, 6 min nəfərədək üzvü olan YAP rayon təşkilatı üçün inzibati binanı, şəhər 3 nömrəli məktəb üçün 480 şagird yerlik yeni binanı, Uşaq Şahmat məktəbini, Avtovağzalı, 100 yerlik uşaq bağçasını, 150 ticarət yeri olan Ticarət Mərkəzini inşa etmişik. Şübhəsiz ki, bunlar rayonumuz üçündür və uhun illər ryon əhalisinə xidmət edəcəkdir. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik.
Hazırda isə sahəsi 600 kv.metr olan Bayraq muzeyinin və Dövlət Bayrağı meydanının tikintisinə başlanmışdır. Yaxın günlərdə Ailə və Uşaqlara Dəstək Mərkəzinin tikintisinə başlanacaqdır.
Goranboy şəhərində 28 ədəd çoxmənzilli yaşayış binası vardır. Möhtərəm Prezidentimizin tapşırığına əsasən 2016-cı ildə bu binalardan 11-i, ötən il isə 12-si təmir edilmişdir. Goranboy şəhərində 9, Dəliməmmədli şəhərində 2, Qızılhacılı qəsəbəsində isə bir binanın giriş blokları əsaslı təmir edilmiş, fasad hissələrinə suvaq vurulmuş, emusiya ilə rənglənmişdir. Goranboy şəhərində 6, Dəliməmmədli şəhərində 2, Qızılhacılı qəsəbəsində bir binanın dam örtüyi dəyişdirilmiş, müasir tələblərə uyğun quraşdırılmışdır. Binaların ətrafında tomet düzülmüş, səliqə-səhman yaradılmış, hamısına pəncərə blokları, metal qapılar quraşdırılmışdır.
Şəhərin küçələrində 520 kv.metr hasar tikilmiş, küçələrdə 828 kv.m aqlay vurulmuşdur.
Hazırda rayon üzrə Maliyyə idarəsindən tikiləcək Olimpiya İdman kompleksinədək olan ərazidə hasar aqlay daşı ilə üzlənir.
Şəhərin R.Mustafayev, S.Civəzadə, R.Rza küçələrində və H.Əliyev prospektində səki yan daşları rənglənmiş, yol kənarı ağaclar ağardılmışdır.
Şəhərin 15 küçəsinə ümumilikdə 32 min 607 kv.metr asfalt örtük salınmış, C.Cabbarlı küçəsində 2 min 200 kv.metr asfalt örtük təmir edilmişdir.
Şəhər ərazisində və avtomobil yollarının kənarında 10 minədək ağac əkilmişdir.
Yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı xeyli işlər görülmüşdür. 37,75 km uzunluğunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun yenidən tikintisi ilə bağlı cənab Prezidentin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər hesabına yolun 34 km hissəsinə asfalt-beton örtük salınmışdır. Yolun tikintisinin başa çatdırılması üçün 2,2 milyon manat əlavə vəsait ayrılmış, iş gedir, yaxın vaxtda başa çatdırılacaqdır.
Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi Dövlət Proqramına salınmış, işə başlanılmışdır. Goranboy-Tərtər avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən 10 km uzunluğunda Qızılhacılı-Xan Qərvənd hissəsi əsaslı təmir edilmiş, yolun Xan Qərvənd kəndindən keçən hissəsində səki inşa edilmiş, 4 ədəd dayanacaq quraşdırılmışdır. 3,5 km Hazırəhmədli-Qarasuçu və 1,5 km Hazırəhmədli-Göynüyən avtomobil yollarına asfalt-beton örtük salınmışdır. Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq magistral yoldan Nizami kəndinə gediş-gəliş üçün yol dairəsi inşa edilmişdir. Dəliməmmədli-Quşçular-Fəxralı-Alpout-Qurbanzadə avtomobil yolunun tikintisi ilə bağlı təşkilati iş aparılır. Ümumilikdə isə son 8 ildə 130 km-dən artıq yol yenidən tikilmişdir ki, bu da mövcud kəndlərarası yolların 67 faizi deməkdir.
Rayonun yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri davam etdirilmişdir. Əvvəlki illərdə olduğu kimi yerli icma və qeyri-hökumət təşkilatlarının maliyyə dəstəyi ilə yerli əhəmiyyətli problemlərin həlli ilə bağlı layihələrin icrası nəzarətdə saxlanılmışdır. Bu sahədə bizimlə davamlı əməkdaşlıq etdiyinə görə AzKİL rəhbərliyinə və layihənin Şimal-Qərb regional əməliyyatlar ofisinin rəhbəri Xudayar Gülmalıyevə minnətdarlığımı bildirirəm.
Ümumilikdə isə ötən il 12 layihə həyata keçirilmişdir. Bu layihələrdən 6-sı yolun təmiri, 5-i icmanın abadlaşdırılması, 1-i isə suvarma sisteminin təmiri olmuşdur. 5 kənddə 53,5 km kəndarası yollar, həmçinin 12,3 km Ağamalıoğlu-Baxçakürd-Dəyirmanlar yolu yenidən qurulmuş, 6 ədəd avtobus dayanacağı quraşdırılmışdır. Bəşirli, Qırıqlı, Xoylu, Muzdurlar, Nadirkənd kənd qəbristanlıqlarının ətrafına 4166 metr yeni hasar çəkilmiş, abadlıq işləri aparılmış, su xətti çəkilmiş, bulaqlar tikilmişdir. Zeyvə kəndində isə 10,3 km suvarma kanalı lildən təmizlənərək təmir edilmiş, su keçidləri quraşdırılmışdır.
Biz belə təşəbbüsləri yüksək qiymətləndirir və lazımi dəstək veririk. Təəssüf ki, adını qeyd etmədiyim ərazilərin icra nümayəndələri və bələdiyyələri yerli problemlərin həllində bu imkandan istifadə etmir, fəallıq göstərmirlər.
Şöbə müdiri İ.Məmmədov bu sahədə vəziyyəti təhlil etməli, konkret təkliflər verməlidir.
Ötən il cənab Prezidentin tapşırığına əsasən açılmış ictimai iş yerlərində 524 nəfər aztəminatlı vətəndaş işlə təmin edilmişdir. Onlardan 76 nəfəri rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləməklə hər ay 125 manat, çoxmənzilli binaların təmirində isə 150 nəfər işləməklə hər ay 200 manat əmək haqqı almışdır. Cənab Prezidentin tapşırığına əsasən bu il də 335 yeni ictimai iş yeri açılmışdır ki, onlardan 260-ı Goranboy Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində, 75-i çoxmənzilli binaların təmirində çalışır.
Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. 2016-cı ilin aprel döyüşlərində ziyan dəymiş Tap kənd tam orta məktəbi «Azəraqrartikinti» ASC tərəfindən əsaslı təmir olunmuş, 180 şagird yerlik əlavə tədris korpusu inşa edilmişdir. Xoylu kənd tam orta məktəbinin əlavə tədris korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir.
Ümumilikdə isə son 7 ildə 24 məktəb, 3 əlavə tədris korpusu inşa edilmiş, 11 məktəb isə əsaslı təmir edilmişdir.
Təbii ki, bütün bunlar tədrisin keyfiyyətinə müsbət təsir göstərmişdir. Son illər ali məktəblərə qəbulun nəticələrindəki müsbət binamika da bunu deməyə əsas verir. Ötən tədris ilində Qaraçinar kənd tam orta məktəbin on birinci sinif şagirdi Firdus Mamedov qızıl medala layiq görülmüş, qəbul imtahanında 671 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmuşdur. Ümumilikdə orta məktəbləri bitirən 905 məzundan 473-2 ali məktəblərə sənəd vermiş, onlardan 304-ü tələbə adını qazanmışdır. Məzunlardan 19 nəfəri 600 baldan yuxarı, 56 nəfəri isə 500-600 bal intervalında nəticə göstərmişdir.
Rayon Təhsil şöbəsinin müdiri S.Məmmədov ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə nəzarəti artırmalı, təhsildə daha yüksək göstəricilər əldə edilməlidir.
Hazırda rayon üzrə 16 məktəbin tikintisinə ehtiyac vardır. Rayon Təhsil şöbəsi ucqar dağ kəndlərində modul tipli məktəblərin, habelə Goranboy şəhər 1 saylı, Borsunlu kənd 1 saylı, Zeyvə, Əzizbəyov, Qırıqlı, Muzdurlar, Baxçakürd kənd tam orta məktəbləri yeni binaların tikintisi ilə bağlı təşəbbüskarlıq göstərməli, həllinə nail olmalıdır.
Yeri gəlmişkən Milli Məclisin deputatı Ağalar Vəliyev rayonda tikinti, abadlıq işlərinə yaxından köməklik göstərir. Qeyd etdiyim ki, o Bərpa Agentliyinin xətti ilə Tap kənd tam orta məktəbini əsaslı təmir etdirmiş, 180 hagird yerlik əlavə tədris korpusu inşa etdirmişdir. Ötən 2 ildə Ağalar Vəliyev rayon üzrə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan 139 məzuna pul mükafatı, ümumtəhsil məktəblərinin 459 əlaçı şagirdinə isə təqaüdlər vermişdir. Hörmətli deputatımız hər bayram günlərində 400-dən çox şəhid, Qarabağ müharibəsi əlili və aztəminatlı ailələrə ərzaq yardımı göstərmiş, iki ildə altı dindarı müqəddəs Həcc ziyarətinə, 40 nəfərə yaxın dindarı isə Məşhəd ziyarətinə göndərmişdir. Bütün bunlara görə Ağalar Vəliyevə rayon ictimaiyyəti adından minnətdarlığımı bildirirəm.
Məktəbəqədər təhsilin ilkin pilləsi olan uşaq bağçalarının maddi bazasının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Kələk kəndində yeni uşaq bağçası üçün bina inşa edilmiş, yaxın vaxtlarda açılacaqdır. Ağamalıoğlu kənd uşaq bağçasında əsaslı təmir işləri aparılır.
Yeni qəbul edilmiş «Məktəbəqədər təhsil haqqında» Qanun bu sahədə qarşıya konkret tələblər qoymuşdur.
Müavin M.Ağamalıyeva bununla bağlı təhlillər aparmalı, təkliflər verməlidir.
Mədəniyyət müəssisələri tərəfindən əhaliyə göstərilən mədəni xidmətin səviyyəsi yaxşılaşdırılmışdır. Mühüm dövlət bayramları ilə bağlı konsert proqramları təşkil edilmiş, görkəmli mədəniyyət xadimlərinin yubileyləri qeyd edilmiş, Qarqucaq kənd mədəniyyət evinin folklor kollektivi Bakıda keçirilən Novruz festivalında, şəhər uşaq incəsənət məktəbinin şagirdi Adilə Həsənova Qara Qarayevin yaradıcılığına həsr edilmiş respublika müsabiqəsində nümunəvi çıxışına görə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun beynəlxalq ekspedisiyası Borsunlu kəndinin orta əsrlərə aid olan «Kərpicli» yaşayış sahəsində apardığı arxeoloji qazıntılar zamanı zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur.
Ötən il rayonun turizm-istirahət mərkəzlərinin xidmətindən 21 min nəfərdən çox turist istifadə etmişdir ki, bu da əvvəlki illə müqafisədə xeyli çoxdur.
Regional Mədəniyyət və Turizm idarəsinin rayon üzrə nümayəndəsi G.Hacıyev mədəniyyət müəssisələrinin maddi bazasının yaxşılaşdırılması üçün təşəbbüskarlığı artırmalıdır.
Məlumunuz olduğu kimi rayon xəstəxanası 80-ci illərin əvvəllərində istfiadəyə verilməklə uzun müddət heç bir təmir işləri aparılmadığından bərbad vəziyyətə düşmüşdür. Ona görə də burada əhaliyə lazımi səviyyədə xidmət göstərilməsi mümkün deyildir. Stasionar xəstələrin müalicəsi üçün heç bir şərait olmadığından onlar başqa yerlərə getmək məcburiyyətində qalırlar. Cənab Prezident 2014-cü ildə rayona səfəri zamanı problemlərlə maraqlanarkən Mərkəzi xəstəxananın tikintisi ilə bağlı müraciət etdim. Artıq məsələ öz həllini tapmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə rayon Mərkəzi xəstəxanasının yeni binasının tikintisi üçün vəsait ayrılmış, işə başlanılmışdır. Müasir tibbi avadanlıqlarla təchiz ediləcək yeni bina bu ilin iyun ayınadək əhalinin istifadəsinə veriləcəkdir. Rayonumuza göstərdiyi diqqət və qayğıya görə rayon əhalisi adından cənab Prezidentə minnətdarlığımı bildirirəm.
Əvvəlki illərdə olduğu kimi ötən il də cənab Prezidentin tapşırığına əsasən 66125 nəfər əhalinin profilaktiki tibbi müayinəsi keçirilmiş, aşkar edilmiş xəstələr müalicəyə cəlb edilmişdir. Bu il də cənab Prezidentin tapşırığı ilə əhalinin profilaktiki, tibbi müayinəsi keçiriləcəkdir.
Artıq bir neçə ildir ki, tapşırığım əsasında əhaliyə göstərilən səyyar xidmət müsbət qarşılanır.
Mərkəzi xəstəxananın baş həkimi R.Budaqov əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək üçün tələbkarlığı artırmalı, imtiyazlı qrup xəstələrin müalicəsi və dərmanla təminatını nəzarətdə saxlamalı, ehtiyac olan tibb müəssisələrinin tikintisi və təmiri ilə bağlı Nazirlik qarşısında məsələ qaldırmalı, qeyri-hökumət təşkilatları ilə əlaqələri gücləndirməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri gənclərə dövlət qayğısı və idmanın inkişafı ilə bağlıdır. Öətn il qəbul edilmiş «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramı da bunun bariz nümunəsidir. Rayonumuzda da gənclərin milli-mənəvi ruhda tərbiyəsi, onlar arasında neqativ halların baş verməməsi, idmanın kütləviliyinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bunun nəticəsidir ki, rayonun «Turan» komandası ümumrespublika intellektual bilik yarışmasının, idman məktəbinin yetirməsi Əsgər Əlizadə yunan-roma güləşi üzrə, Rəvan Əhmədov isə cüdo üzrə beynəlxalq turnirin qalibi olmuşdur.
Gənclər və idman idarəsinin rəisi Elşad Həsənov gənclərlə işə diqqəti daha da gücləndirməli, idmanın inkişafı üçün rayonda mövcud olan maddi bazadan maksimum istifadə etməlidir.
Müavin M.Ağamalıyeva rəhbərlik etdiyi təşkilatlarda işin səmərəli təşkilinə diqqəti artırmalı, deyilmiş iradların aradan qaldırılması istiqamətində təşəbbüskarlıq göstərməlidir.
Ötən il aqrar bölmədə ciddi uğurlar əldə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi»ndə ölkədə dayanıqlı inkişafın təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılmasını təmin etmək məqsədilə konkret tədbirlər, o cümlədən «Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi»ndə 9 strateji hədəf və 36 prioritet istiqamət müəyyən edilmişdir.
Eyni zamanda pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları aqrar sahənin inkişafına ciddi təkan vermişdir.
Goranboy və Samux rayonlarının inzibati ərazisində yerləşən «Boz dağ» massivində yaradılmış Goranboy Aqroparkının fəaliyyətə başlaması üçün xeyli iş görülmüşdür. Bura Şəmkir maşın kanalından 12,1 km su kəməri çəkilmiş, su anbarları inşa edilmiş, müasir suvarma sistemləri quraşdırılmışdır. 14 km yüksək gərginlikli elektrik xətti çəkilmiş, transformator quraşdırılmışdır. 12 km qaz xəttinin çəkilməsi yekunlaşmaq üzrədir. İnzibati və yardımçı binaların tikintisi aparılır. Meyvə bağları salınmışdır. İş davam edir. Burada həmçinin taxıl, şəkər çuğunduru, texniki bitkilər əkiləcək, emal müəssisələri, soyuducu anbarlar inşa ediləcək, 500 yeni iş yeri yaradılacaqdır. Hazırda Aqroparkda 100 nəfər daimi işçi çalışır.
Ötən il Şəmkir maşın kanalı vasitəsi ilə Dəliməmmədli şəhəri ərazisinə suvarma suyu verildi. Kanalın altında yerləşən 8 kənddə su təminatı əsasən ödənildi. Bu il isə kanalın Nadirkənd kəndinədək hissəsi istifadəyə veriləcəkdir. Suvarma suyu məhdud bir rayon üçün bu, çox böyük əhəmiyyət kəsb edəcəkdir.
Hesabat ilində əkinlərin suvarma suyuna tələbatının yaxşılaşdırılması məqsədilə 20 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmiş, 9-unda işlər davam etdirilir. Hər iki suvarma idarəsi (R.Teyyubov, G.Bağırov) mövcud suvarma suyundan səmərəli istifadə məqsədilə Su Birliklərinə tələbkarlığı artırmalı, onların özbaşınalıqlarına son qoyulmalıdır.
Biz ötən il pambıq istehsalı ilə bağlı mümkün tədbirləri gördük. 6960 ton pambıq istehsal edildi ki, bu da əvvəlki illə müqayisədə 1,9 dəfə çoxdur.Ancaq pambıqyığan maşınların çatışmaması məhsul itkisinə səbəb oldu. Bu işlə məşğul olan şirkətlər buraxılan səhvləri aradan qaldırmalı, pambıq yığan maşınlarla bağlı problemi vaxtında həll etməlidirlər.
Bu il 5000 hektarda pambıq əkilməlidir. Hal-hazıradək 3440 hektar sahə üçün şirkətlərlə müqavilə bağlanılmış, 2521 hektarda şum aparılmışdır. Arat, çiyid səpini və becərmə işləri aqrotexniki müddətlərdə aparılmalıdır ki, çəkilən zəhmət hədər getməsin, bol məhsul əldə edilsin.
Ötən il 6 hektarda tütün əkilmiş, 9 ton məhsul istehsal edilmiş, həmçinin 2200 kq barama yetişdirilmişdir. Barama istehsalının artırılması məqsədilə 8 hektar sahədə 8 min ədəd tut tingi əkilmişdir. 2016-cı ildə isə 5,5 hektarda 27 min tut tingi əkilmişdir. Artıq barama istehsalını artırmaq üçün kifayət qədər yem bazası vardır.
Bu il 10 hektarda tütün əkilməsi, 5 ton barama yetişdirilməsi nəzərdə tutulmuşdur. Hər iki gəlirli sahənin genişləndirilməsi üçün əhali arasında maarifləndirmə işləri aparılmalıdır.
Gəlirli sahələrdən biri olan istilikxanaların şəbəkəsi genişlənməkdədir. Hazırda rayonda fəaliyyət göstərən, ümumi sahəsi 59 min kv.metrdən artıq olan 17 ədəd istilikxanada il ərzində 800 tona qədər faraş məhsul yetişdirilir ki, bunun da bir hissəsi xarici bazara çıxarılır. Daha çox gəlir gətirən arıçılığın inkişafına da diqqət gücləndirilməlidir.
Bu il rayonda 5000 hektarda pambıq, 3000 hektarda çuğundur əkilməlidir. Lakin bəzi torpaq mülkiyyətçiləri əkinə yararlı torpaqlarda özbaşına bağ salır ki, bu da yolverilməzdir. Kim bağ salmaq istəyirsə, müraciət etsin, dağlıq və dağətəyi ərazilərdən torpaq ayıraq, bağ salsın. Müavin E.İsmayılov bu məsələlərlə ciddi məşğul olmalıdır.
Rayonda heyvandarlıq da inkişaf etməkdədir. Örüş otlaq sahələrinin məhdud olduğunu nəzərə alaraq biz heyvanların baş sayının deyil, onun cins tərkibinin və məhsuldarlığının artırılmasına çalışırıq. Artıq rayonda iki heyvandarlıq kompleksi yaradılmış, lizinq yolu ilə 680 baş yüksək məhsuldar heyvanlar alınmış, hər inəkdən gün ərzində 31 litr süd sağılır. Eyni zamanda qapalı şəraitdə saxlanmaq üçün əhali tərəfindən də 280 baş belə heyvan alınmışdır.
Son illərdə salınmış 450 hektar nar bağında yetişdirilən məhsulun emalı məqsədi ilə nar konsentratı istehsalı müəssisəsinin tikintisi başa çatmaq üzrədir.
Qeyd etdiyim kimi, aqrar bölmənin inkişafı ilə bağlı qarşımızda çox mühüm vəzifələr durur. Rayon Kənd Təsərrüfatı idarəsi üzərinə düşən məsuliyyəti dərk etməli, seyrçi mövqe tutmamalıdır.
Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi (E.İsmayılov, R.Qurbanov) ölkə Prezidenti tərəfindən aqrar sahədə müəyyən edilən hədəfləri fəaliyyət Proqramı kimi qəbul etməli, rayonda bu sahənin inkişafı ilə bağlı təhlillər aparmalı, konkret təkliflər verməlidir.
Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi tədbirləri 2017-ci ildə də davam etdirilmişdir. 422 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Pensiya və müavinətlər vaxtında ödənilmişdir.
Hər il olduğu kimi, ötən il də «Əmək yarmarkası» keçirilmiş, 30 nəfər daimi işlə təmin edilmişdir.
Lakin ünvanlı dövlət sosial yardımı təyin edilməsi və işlə təmin olunma ilə bağlı rayon İcra Hakimiyyətinə və rəhbər orqanlara çoxsaylı müraciətlər edilir. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi (E.Məmmədov) və rayon Məşğulluq Mərkəzi (N.Məmmədov) bununla bağlı əhali arasında maarifləndirmə işi aparmalı, vakant iş yerləri haqqında məlumatlar vaxtında yığılmalı, işaxtaran vətəndaşlara təklif olunmalıdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən respublikanın digər bölgələri ilə yanaşı rayonumuzda da elektrik təsərrüfatı yenidən qurulur. 110/35/10 kilovoltluq Dəliməmmədli yarımstansiyası inşa edilmiş, Dəliməmmədli şəhəri və ətraf 21 yaşayış məntəqəsinə xidmət edən yüksək gərginlikli hava xətləri yenidən qurulmuş, yaşayış məntəqələrində köhnə xətlər SİB kabellə əvəz edilmiş, ümumilikdə 110 ədəd müasir tipli transformator məntəqələri quraşdırılmışdır. Digər yaşayış məntəqələrində işlər davam etdiriləcəkdir.
Lakin bu sahədə də pərakəndəlik mövcuddur. Goranboy şəhərində bu işə bir neçə il əvvəl başlansa da, başa çatmamışdır ki, bu da əhalinin ciddi narazılığına səbəb olur. Eyni zamanda xətt təsərrüfatı köhnə olan yaşayış məntəqələrində elektrik enerjisinin verilişində yaranan problemlərlə bağlı çoxsaylı şikayətlər olur. Rayon Elektrik şəbəkəsinin rəisi H.Süleymanov bu məsələlərlə ciddi məşğul olmalı, problemin həlli ilə bağlı tədbirlər görməlidir.
Ötən il yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilmişdir. Səmədabad, Sarov və Yolpaq kəndlərinə təbii qaz çəkilmiş, ümumilikdə 569 abonent təbii qazla təmin edilmişdir. Yəhərçi Qazaxlar və Goranlı kəndlərində son tamamlama işləri aparılır. Yaxın günlərdə bu kəndlərə təbii qaz veriləcəkdir.
Hazırda rayon üzrə qazlaşma 95 faiz təşkil edir.
Qaz alan yaşayış məntəqələrində təbii qazın normal verilməməsi, tez-tez kəsilməsi əhali tərəfindən narazılıqla qarşılanır. Rayon Qaz istismarı sahəsinin rəisi N.Allahverdiyev iradları aradan qaldırmalıdır.
Qeyd etmək istəyirəm ki, yerli icra və bələdiyyə orqanları istehlak edilmiş elektrik enerjisi və təbii qazın dəyərinin vaxtında ödənilməsi üçün lazımi köməklik göstərir. Ona görə də bu sahədə problem yaranmır.
Son illər əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Veyisli kəndi yaxınlığında salınmış məcburi köçkün qəsəbəsinə 7,5 km məsafədən magistral su xətti çəkilmiş, evlərə içməli su verilmişdir. Veyisli kəndində 5 ədəd, kəndin yaxınlığında məskunlaşmış məcburi köçkünlərin istifadəsi üçün 8 bulaq qoyulmuşdur. Həmçinin Abbasqulular kəndinə 1600 metr magistral su xətti çəkilmiş, 8 bulaq qoyulmuşdur. Balakürd kəndində 32, Şahməmmədli kəndində 91 evə su xətti çəkilmişdir. Biz bundan sonra da əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirəcəyik.
Dövlət dəstəyi ilə əhalinin içməli su təminatı yaxşılaşır. Lakin rayon Su-kanal idarəsi tərəfindən əhaliyə göstərilən xidmət yarıtmazdır. İçməli su əksər hallarda təmizlənmədən verilir, tez-tez suyun kəsilməsi halları baş verir. Biz bir neçə dəfə idarənin rəisi D.Əvəzova ciddi irad bildirmişik. Təəssüf ki, nəticə yoxdur.
Bu gün ölkəmizdə informasiya texnologiyaları sürətlə inkişaf edir. Lakin rayonda rabitə xətt təsərrüfatı, demək olar ki, istismar müddətini başa vurmuşdur. Yerlərdə keçirilən səyyar görüşlərdə də əhali ən çox bu xidmətdən narazılıq edir.
Biz rayon Telekommunikasiya qovşağının və telefon xətt təsərrüfatının yenidən qurulması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmişik. Lakin bu işlərə başlananadək rayon Telekommunikasiya qovşağı (rəis H.Muxtarov) yaşayış məntəqələrindəki problemlərin aradan qaldırılması üçün tədbirlər görməlidir.
Məlumunuz olduğu kimi uzun illər rayonda avtovağzal olmamış, sərnişindaşıma fəaliyyəti kortəbii şəkildə həyata keçirilmişdir. Problemin həlli, əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədilə 2015-ci ildə Goranboy şəhərində müasir tələblərə cavab verən Avtovağzal tikilib istifadəyə verildi. Hazırda avtovağzaldan cəmi 8 istiqamət üzrə sərnişin daşıyan avtobuslar hərəkət edir.
Uzun müddətdir ki, Nəqliyyat Departamenti və Tərtər rayon Polis şöbəsi həmin rayondan Bakı şəhərinə özbaşına sərnişindaşıma fəaliyyəti göstərən marşrutları ləğv etdiyindən bu rayonun sakinlərinə məxsus mikroavtobuslar hər gün səhər tezdən rayon Avtovağzalının icazəsi olmadan Goranboy rayonu ərazisindən Bakı şəhərinə qanunsuz sərnişin daşıma ilə məşğul olurlar. Nəqliyyat Departamenti və rayon Polis şöbəsi bunun qarşısını almalıdır.
Gəncə avtovağzalı tərəfindən Dəliməmmədli zonasında yerləşən kəndlərə 12 marşrut üzrə avtobuslar işləyir. Avtobusların əksəriyyəti istismar müddətini başa vurmuşdur və sərnişinlərin təhlükəsizliyinə təminat vermir. Eyni zamanda bu xidmət paritet əsasında olmalı, marşrutlarda həm Goranboy, həm də Gəncə avtovağzalının avtobusları işləməlidir. Rayon Avtovağzalı bu məsələni həll etməlidir.
Rayonun coğrafi mövqeyi elədir ki, buradan beynəlxalq avtomobil və dəmir yolu keçir. Müşahidələr göstərir ki, yol kənarlarına məişət tullantıları atılır və onlar vaxtlı-vaxtında yığılmır. Ona görə də bu yolların kənarlarında, eləcə də yaşayış məntəqələrində vaxtaşırı təmizlik işləri aparılmalıdır. Goranboy və Dəliməmmədli Kommunal təsərrüfatı idarələri (S.Ağakişiyev, E.Maliki), yerli icra və bələdiyyə orqanları bu məsələni gündəlik nəzarətdə saxlamalıdır.
Doğrudur, hər həftə yol kənarlarında iməciliklər keçirilir. Ancaq bu iş qaneedici deyildir.
Ötən il Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən 61 ton kağız, karton, 12 ton plastik tullantılar yığılaraq təhvil verilmişdir. Bu sahədə Goranboy şəhər, Səfikürd, Zeyvə və Quşçular kənd icra nümayəndələri fərqlənsələr də, Xan Qərvənd, Əlirzalı, Tatarlı, Nadirkənd, Muzdurlar və Hazırəhmədli kənd icra nümayəndələri tapşırığa laqeyd yanaşmışlar. Birinci müavin E.Cahangirov səliqə-səhman və təmizlik işlərinin aparılması, həmçinin kağız, karton və plastik tullantıların yığılıb təhvil verilməsi barədə tapşırığın icrası ilə ciddi məşğul olmalıdır.
Daxil olan müraciətlərin təhlili göstərir ki, vətəndaşlar daha çox kənd təsərrüfatı (torpaq ayrılması, kompensasiya və subsidiya verilməsi, meliorasiya məsələləri), mənzillə təmin olunma, fərdi ev tikintisi və həyətyanı torpaq sahəsi verilməsi ilə bağlı müraciətlər edirlər. Bunun iki səbəbi vardır: həlli mümkün olan məsələlər yerli icra və bələdiyyə orqanları tərəfindən vaxtında həll edilmir, eyni zamanda vətəndaşların tələbləri ilə bağlı qanunvericilik onlara izah edilmir.
Hesabat dövründə daha çox müraciət Goranboy və Dəliməmmədli şəhər, Qızılhacılı qəsəbə, Tap Qaraqoyunlu, Səfikürd, Xan Qərvənd, Fəxralı, Borsunlu, Tatarlı, Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin payına düşür.
Birdəfəlik maddi yardım, işlə təmin olunma və ünvanlı sosial yardım verilməsi ilə bağlı müraciətlər də çoxdur. Möhtərəm Prezidentimiz qeyd etmişdir ki, insanlarda ələbaxımlılıq psixologiyası aradan qaldırılmalıdır. Bu məqsədlə aqrar bölmənin gəlirli sahəsi olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafını qarşıya məqsəd kimi qoyulmuşdur. Ötən illərin təcrübəsi göstərdi ki, əksər yaşayış məntəqələrində əhali bu sahələrdə işləməyə maraq göstərmir, əksinə iş verilməsi, maddi yardım göstərilməsi ilə bağlı rayon İcra Hakimiyyətinə müraciətlər edirlər. Bu da onu deməyə əsas verir ki, əhali arasında izahat, maarifləndirmə işi aparılmır.
Cənab Prezident Nazirlər Kabinetinin iclasındakı yekun nitqində qarşıya çox mühüm vəzifələr qoymuşdur. Biz də bu vəzifələrin yerinə yetirilməsi üçün mövcud imkanlarımızdan maksimum istifadə etməli, ölkə iqtisadiyyatına öz töhfəmizi verməliyik.
Bildiyiniz kimi yanvarın 29-da «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Konfransda cənab Prezident 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işləri geniş təhlil etmiş, dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranına baxmayaraq digər ölkələrlə müqayisədə Azərbaycanın bu ağır vəziyyətdən minimum itkilərlə çıxdığını, inkişafını təmin etdiyini diqqətə çatdırmışdır.
Dövlət başçısı bildirmişdir ki, Dövlət Proqramlarının qəbul edilməsində əsas məqsəd ondan ibarət olmuşdur ki, bölgələrdə mövcud problemlər, insanları narahat edən sosial məsələlər həll edilsin, Azərbaycan dinamik inkişaf etsin. 2004-cü ildən bu inkişaf təmin edilmiş, infrastruktur layihələr həyata keçirilmiş, aparılan geniş miqyaslı tikinti-quruculuq işləri nəticəsində bütün şəhər və rayonlar abadlaşmış, müasirləşmişdir.
Cənab Prezident qeyd etmişdir ki, son 14 il ərzində ölkəmizdə gücü 2500 meqavat olan 30 elektrik stansiyası tikilmiş, qazlaşdırmanın səviyyəsi 93 faizə, içməli su ilə təminat 26 faizdən 67 faizə çatmış, 12 min 300 km yol çəkilmişdir. İqtisadiyyat 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye 2,6 dəfə artmış, ölkə iqtisadiyyatın 231 milyard sərmayə qoyulmuş, 3 min 100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmiş, 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur.
Cənab Prezident yekun nitqində 2018-ci ildə qarşıda duran aşağıdakı mühüm vəzifələri diqqətə çatdırmışdır.
- Qazlaşdırmanın ilin sonuna kimi 95 faizə çatdırılması;
- Elektrik təsərrüfatının modernləşdirilməsi və yenidən qurulması;
- 20 şəhərdə içməli su və kanalizasiya layihələrinin icra edilməsi, 300 subartezian quyusunun qazılması;
- Meliorativ tədbirlərin görülməsi ilə 100 min hektar suvarılmayan torpaqlara su verilməsi;
- 600 kəndi birləşdirən 2300 km avtomobil yollarının tikintisi;
- 6 şəhərdə mərkəzi xəstəxanaların tikintisinin başa çatdırılması;
- 137 modul tipli məktəbin tikintisi, 100-ədək məktəbin qazlaşdırılması, 100-lərlə məktəbdə təmir işlərinin aparılması;
- 4 şəhərdə Olimpiya İdman Mərkəzinin tikilməsi;
- 20 min məcburi köçkün ailəsinin yeni evlərlə təmin edilməsi;
- 7 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi;
- Bakı-Böyük Kəsik, Bakı-Yalama, Bakı-Astara dəmir yolunun modernləşdirilməsi və yeniləşdirilməsi;
- Ələt Dəniz Ticarət Limanının tikintisinin başa çatdırılması;
- 3 şəhərdə «ASAN Xidmət» Mərkəzinin açılması, 5 Mərkəzin tikintisinə başlanılması;
- Sumqayıtda və Mingəçevirdə Sənaye Parklarında yeni zavodların fəaliyyətə başlaması;
- 10 ədəd xalça fabrikinin açılması;
- Dövlət xətti ilə xaricdən 10 min baş cins mal-qaranın alınması;
- 28 rayonda 43 Aqroparkın yaradılması;
- 10 min hektarda qoz bağlarının salınması.
Konfransda cənab Prezidentin nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı rayon İcra Hakimiyyətinin tədbirlər planı hazırlanmışdır, Sizin müzakirənizə təqdim ediləcəkdir.
2018-ci ildə bizi böyük bir siyasi kompaniya gözləyir, Prezident seçkiləri keçiriləcəkdir. Rayon İcra Hakimiyyəti Seçki Məcəlləsinə uyğun olaraq üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəkdir. İnanırıq ki, əvvəlki seçkilərdə olduğu kimi bu seçkidə də Goranboy seçiciləri öz siyasi fəallığı ilə seçiləcək, xalqımızı xoşbəxt gələcəyə aparan möhtərəm Prezidentimizə səs verəcəklər.
Biz 2017-ci ildə görülmüş işləri təhlil etdik. 2018-ci ildə qarşıda duran vəzifələri müəyyənləşdirdik. Əldə edilmiş uğurları cari ildə daha da inkişaf etdirməliyik. Ümid edirik ki, rayon fəallarının köməyi ilə bu vəzifənin öhdəsindən gələcəyik.
|
|
|
|