Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev: Azərbaycan dövlətinin xilaskarı və qurucusu

12 iyun 2021 | 04:20

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. 16 oktyabr 1992-ci ildə Azərbaycanın tanınmış ziyalılarından 91 nəfər “Səs” qəzetində “Heydər Əliyevi biz çağırmalıyıq” adlı müraciətlə çıxış etdi. Heydər Əliyevə ünvanlanmış bu müraciətlə ölkəni ağır vəziyyətdən çıxarmaq üçün məhz onun başçılığı altında Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu öz əksini tapmışdı. Heydər Əliyev bu çağrışa oktyabrın 24-də cavab verdi. Belə bir vaxtda Azərbaycan Xalqının xilaskar oğlu Heydər Əliyev Moskvadan Azərbaycana qayıtdı və xilaskarlıq missiyasını həyata keçirmək üçün fəaliyyətə başladı.
1992-ci ilin 21 noyabrında Naxçıvanda Azərbaycanın bütün bölgələrini təmsil edən nümayəndələrin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və partiyanın program və nizamnaməsi qəbul olundu. Heydər Əliyev çoxluq tərəfindən təkcə Yeni Azərbaycan Partiyasının deyil, Azərbaycan Xalqının lideri kimi qəbul edildi.
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Azərbaycanda hakimiyyət böhranı getdikcə dərinləşir siyasi böhran ölkəni parçalanma və vətəndaş müharibəsi həddinə çatdırmaqda olarkən iqtidar Heydər Əliyevə müraciət etməli oldu. O, yaranmış vəziyyətdən çıxmaq üçün düşünülmüş addım atdı. İyunun 15-də Azərbaycan Respublikası Ali sovetinin fövqaladə sessiyasında Heydər Əliyev Ali sovetin sədri seçildi. Həmin gün ölkənin tarixinə qurtuluş günü kimi daxil oldu.
          2003-cü ildə Prezident seçkilərində parlaq qələbə qazanan İlham Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. O, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, Hüquqi və dünyəvi dövlət quruculğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, müvafiq Prezident sərəncamları ilə Dövlət programları qəbul edilmiş, uğurlu daxili və xarici siyasət həyata keçirilmişdir. Ordu quruculuğu daim diqqət mərkəzində saxlanılmışdır. Aparılan məqsədyönlü siyasət xalqın ölkə prezidenti ətrafınd sıx şəkildə birləşdirmiş, Prezident ümumxalq məhəbbəti yaranmışdır. Bütün bunlar 44 günlük II Qarabağ müharibəsində öz təsdiqini nümayiş etdirdi.

Goranboy rayon Ağsaqqallar şurasının sədri
Rəddin Məmmədov

Keçidlər